Ermənistanın keçmiş Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan beynəlxalq konsaltinq qrupu “Policy and Management Consulting Group”da (PMCG) baş məsləhətçi vəzifəsinə təyin olunub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, şirkət bu barədə “LinkedIn”də məlumat yayıb.
PMCG Qafqaz və inkişaf etməkdə olan iqtisadiyyatlara malik ölkələr üzrə inkişaf layihələri həyata keçirən beynəlxalq konsaltinq şirkətidir.
Şirkətin açıqlamasında Armen Qriqoryanın komandaya qoşulmasından məmnunluq ifadə olunub.
Qeyd edilib ki, Qriqoryan yüksək dövlət vəzifələrində çalışmaqla yanaşı, strateji idarəetmə, diplomatiya, beynəlxalq münasibətlər, institusional islahatlar, böhranların idarə olunması və regional təhlükəsizlik sahələrində geniş təcrübəyə malikdir.
Qriqoryan 2018-2026-cı illərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi olub. Bu müddətdə milli təhlükəsizlik və xarici siyasət, qurumlararası koordinasiya, eləcə də yüksək səviyyəli beynəlxalq danışıqlar və strateji dialoqlarda iştirak edib.
O, 2021-ci ildə Ermənistanın xarici işlər naziri vəzifəsini də icra edib.