Türkiyənin paytaxtı Ankara 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə ev sahibliyi etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, zirvədə ABŞ Prezidenti Donald Tramp başda olmaqla, 32 dövlət və hökumət başçısı, eləcə də xarici işlər və müdafiə nazirləri iştirak edəcək.
Bildirilir ki, NATO-ya üzv ölkələrlə yanaşı, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya (AP4 ölkələri) də tədbirə qatılacaq. Zirvə çərçivəsində Avro-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd olunur ki, son illərdə NATO-nun yan tədbiri kimi keçirilən Müdafiə Sənayesi Forumu ilk dəfə rəsmi proqrama daxil edilib. Həmçinin, İstanbul İşbirliyi Girişimi çərçivəsində nazirlər səviyyəsində xüsusi iclasların keçirilməsi planlaşdırılır.
Məlumata əsasən, zirvənin təhlükəsizliyini təmin etmək məqsədilə ümumilikdə 56 min 288 təhlükəsizlik əməkdaşı xidmət aparacaq. Onlardan 48 min 841-i polis, 7 min 447-si isə jandarma əməkdaşıdır.
Bildirilir ki, kibertəhlükəsizlik istiqamətində 639 mütəxəssis 24 saat fasiləsiz rejimdə fəaliyyət göstərəcək.
Qeyd olunur ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən 3 minə yaxın jurnalist və media nümayəndəsinin iştirakı gözlənilir. Zirvənin media mərkəzi Prezidentlik Millət Kitabxanasında fəaliyyət göstərəcək.
Məlumata görə, TRT 80 kamera vasitəsilə zirvəni canlı yayımlayacaq. NATO-nun Baş katibi Mark Ruttenin açılış nitqindən sonra liderlərin əsas görüşləri qapalı formatda keçiriləcək.