Türkiyə Milli Müdafiə Nazirliyi kürd qüvvələrinin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrini (SDF) Dəməşq hökuməti ilə əldə olunmuş 18 yanvar atəşkəs razılaşmasına "şərtsiz əməl etməyə" çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sözügedən saziş SDF-nin tərksilah olunmasını, döyüşçülərin Suriyanın dövlət hərbi aparatına inteqrasiyasını və nəzarətdəki ərazilərin mərkəzi hökumətə təhvil verilməsini nəzərdə tutur.
Türkiyədə qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı əməliyyat: 37 nəfər saxlanıldı
Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk keçirdiyi mətbuat brifinqində Suriyanın şimalında SDF tərəfindən istifadə olunan yeraltı tunellərin böyük hissəsinin məhv edildiyini bildirib. Onun sözlərinə görə, son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində bölgədəki tunel şəbəkəsinin təxminən 93%-i uğurla sıradan çıxarılıb.
ABŞ-nin vasitəçiliyi və qoşunların çıxarılması ehtimalı
Ankara SDF-ni PKK terror təşkilatı ilə əlaqələrinə görə təhlükəsizlik təhdidi hesab etsə də, ABŞ bu qruplaşmanı dəstəkləməyə davam edir. Lakin son proseslər Vaşinqtonun da inteqrasiya tərəfdarı olduğunu göstərir. ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak SDF rəhbərliyi ilə görüşərək, tərəfləri atəşkəsə sadiq qalmağa və etimad quruculuğu tədbirlərini həyata keçirməyə çağırıb.
Eyni zamanda, "The Wall Street Journal" qəzeti ABŞ-ın on illik hərbi mövcudluqdan sonra qoşunlarını Suriyanın şimal-şərqindən tamamilə çıxarmağı nəzərdən keçirdiyini yazıb. Ekspertlərin fikrincə, ABŞ ordusunun geri çəkilməsi SDF-ni regionda müttəfiqsiz qoyaraq daha da təcrid edə bilər. Səfir Barrak qeyd edib ki, əvvəllər İŞİD-lə mübarizə naminə qurulan tərəfdaşlıq formatı artıq dəyişməlidir, çünki Suriyanın mərkəzi hökuməti artıq beynəlxalq koalisiyanın bir hissəsi kimi tanınır.