“Çelsi” İngiltərə çempionatında xal itkilərini davam etdirir. Alonsonun rəhbərlik etdiyi London təmsilçisi Premyer Liqanın 12-ci turunda səfərdə “Nottingem Forest”ə 2:3 hesabı ilə uduzub. Bu, komandanın son beş liqa matçında dördüncü məğlubiyyəti olub.
“Çelsi” həmin müddətdə yeganə qələbəsini oktyabrın 31-də “Mançester Yunayted” üzərində 2:0 hesabı ilə qazanıb. Komanda digər məğlubiyyətlərində “Lids”ə 1:4, “Sanderlend”ə 0:1 və “Tottenhem”ə 0:2 hesabları ilə uduzub.
London klubu bu müddətdə İngiltərə Liqa Kubokunda da mübarizəni dayandırıb. “Çelsi” “Liverpul”la əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa vursa da, penaltilər seriyasında 5:6 hesabı ilə məğlub olub.
12 turdan sonra “Çelsi” 16 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Komanda İngiltərə çempionatında növbəti matçını dekabrın 2-də keçirəcək. Londonluların rəqibi “Kristal Palas” olacaq.