ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 48 ədəd beşinci nəsil F-35 Lightning II qırıcısının və digər hərbi texnikanın 24,3 milyard dollar dəyərində mümkün satışını təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə departamentin yaydığı rəsmi məlumatda bildirilir.
Sazişə hərbi təyyarələrlə yanaşı, 49 ədəd "Pratt & Whitney" F135-PW-100 mühərriki, qabaqcıl rabitə avadanlıqları, ehtiyat hissələri və digər zəruri ləvazimatların tədarükü daxildir.
Dövlət Departamentindən qeyd olunub ki, bu planlaşdırılan sövdələşmə ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik maraqlarına xidmət edir.
Razılaşma Fars körfəzi regionunda sabitliyin təmin edilməsində mühüm rol oynayan və NATO-ya daxil olmayan əsas müttəfiqin təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.
Vaşinqton hesab edir ki, bu alış Səudiyyə Ərəbistanının mövcud və gələcək təhdidlərlə mübarizə imkanlarını artırmaqla yanaşı, ölkənin daxili müdafiəsini möhkəmləndirəcək və ABŞ, eləcə də NATO qüvvələri ilə qarşılıqlı əməliyyat uyğunluğunu yüksəldəcək. Qurum həmçinin əmin edib ki, bu texnika satışı regiondakı hərbi balansı pozmayacaq.
Xatırladaq ki, 2025-ci ilin noyabrında ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına ABŞ-nin NATO-ya daxil olmayan əsas müttəfiqi statusunu vermişdi.