Amerika Birləşmiş Ştatlarının Baş Prokurorluğu “Apple” şirkətini smartfon bazarını inhisara almaqda ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Baş prokuror Merrik Qarland bildirib ki, texnologiya nəhəngi mobil tətbiq bazarı üzərində nəzarət gücündən sui-istifadə edərək müştəriləri və proqramçıları müəyyən mənada mühasirədə saxlayır.
Onun sözlərinə görə, şirkət özünə təhdid hesab etdiyi mobil tətbiqləri bazardan kənarlaşdırmaq üçün onlara qarşı qanunsuz addımlar atıb.
““Apple” smartfon bazarında öz uğurları ilə rəqabətdə önə çıxaraq inhisarçılıq etməyib, federal anti-inhisar qanunlarını pozaraq edib”, - deyə Qarland vurğulayıb.
“Apple” şirkəti baş prokurorluğun ittihamlarını əsassız adlandırıb.
Qeyd edək ki, bu, “Apple” şirkəti qarşısında indiyə qədər ona qarşı olan ən böyük çağırışdır. “Apple”in ittiham olunduğu sahələrdən biri onun bir toxunuşla ödə texnologiyası ilə bağlıdır. "Apple" bank və maliyyə şirkətlərinə ondan istifadə etməyə icazə vermir və “Apple Pay” pul köçürmələrindən milyardlarla dollar gəlir əldə edir.