ABŞ Birləşmiş Millətlər Təşkilatına (BMT) olan 4 milyard dollardan çox borcunun təxminən 160 milyon dollarını ödəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin rəsmi nümayəndəsi məlumat verib.
Ödəniş ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi "Board of Peace" (Sülh Şurası) təşəbbüsünün ilk iclası ilə eyni vaxta təsadüf edib.
BMT rəsmisinin bəyanatında bildirilir ki, ötən həftə ABŞ-dən təşkilatın müntəzəm büdcəsi üçün keçmiş borcların qismən ödənilməsi şəklində təxminən 160 milyon dollar vəsait daxil olub.
Qeyd edək ki, Donald Tramp iclasın açılışında Vaşinqtonun BMT-ni gücləndirmək üçün maliyyə yardımı ayıracağını vurğulayıb.
ABŞ BMT büdcəsinə ən çox töhfə verən ölkə olsa da, Donald Tramp administrasiyası dövründə müntəzəm və sülhməramlı büdcələrə icbari ödənişlərdən imtina edib, həmçinin müxtəlif agentliklərə könüllü maliyyələşməni kəskin azaldıb.
Fevral ayının əvvəlinə olan məlumata görə, Vaşinqtonun BMT-nin müntəzəm büdcəsinə 2,19 milyard dollar borcu var ki, bu da qlobal miqyasda ölkələrin ümumi borcunun 95%-dən çoxunu təşkil edir. Bundan əlavə, sülhməramlı missiyalar üçün 2,4 milyard dollar və tribunallar üçün 43,6 milyon dollar borc hələ də qalmaqdadır.
Donald Tramp bildirib ki, BMT böyük potensiala malikdir, lakin indiyədək bu potensialdan tam istifadə olunmayıb. O, həmçinin Qəzza zolağının yenidən qurulması üçün "Board of Peace" üzvlərinin 5 milyard dollardan çox vəsait ayıracağını bəyan edib.