Prezident İlham Əliyevin Bakıda Kambocanın Baş naziri və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə keçirdiyi yüksəksəviyyəli görüşlər Azərbaycanın Cənub-Şərqi Asiya regionuna yönəlmiş strateji xarici siyasət kursunun mühüm tərkib hissəsidir. Fərqli ölkələrlə aparılan danışıqların əsas qayəsi 700 milyona yaxın əhalisi və 3,8 trilyon dollardan çox ümumi daxili məhsulu olan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasında (ASEAN) Azərbaycanın mövqelərini möhkəmləndirməkdir.
Məsələ ilə bağlı “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlama verən Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Azərbaycan bu nəhəng iqtisadi blokda müşahidəçi statusu almaq niyyətindədir və həm Kamboca, həm də Laos bu təşəbbüsü fəal şəkildə dəstəkləyir:

"Kambocanın dəstəyi ilə Milli Məclis artıq ASEAN-ın Parlamentlərarası Assambleyasında müşahidəçidir. Müşahidəçi statusu ölkəmizə bu nəhəng blokun iqtisadi inteqrasiya layihələrinə, biznes forumlarına və investisiya proqramlarına qatılmaq imkanı yaradır. Kamboca və Laos ASEAN-ın düz mərkəzində yerləşdiklərindən bu ölkələrdə aqro-emal və ya sənaye müəssisələri qurmaqla Azərbaycan rüsumsuz şəkildə 700 milyonluq nəhəng bazara çıxış əldə edir".
Deputat Azərbaycanın valyuta ehtiyatlarının diversifikasiyası və investisiya strategiyasının əhəmiyyətini vurğulayıb:
"Bizim 90 milyard dollara qədər valyuta ehtiyatımız var və bəzi ölkələrin təcrübəsi də göstərir ki, onun ancaq ənənəvi bazarlarda saxlanılması çox risklidir. Ona görə də biz bu ehtiyatları investisiya şəklində digər qitələrin, indiki halda isə sürətlə böyüyən ASEAN regionunun perspektivli sahələrinə yönəltməklə bəzi risklərdən sığortalanır, neft kapitalını qeyri-neft gəlirlərinə çevirir, eyni zamanda da orada təsir gücümüzü artırırıq. 2026-cı ilin birinci yarısında Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 5 milyard 360 milyon ABŞ dolları həcmində birbaşa investisiya yönəldib ki, bu da ötən ilin eyni dövründəkindən 3,7 dəfə çoxdur".

Logistika və "Bir Kəmər, Bir Yol" layihəsi ilə sinerjiyə toxunan Sahib Alıyev Orta Dəhlizin yeni imkanlar qazandığını qeyd edib:
"Dövlətimizin başçısının bəyanatında Azərbaycanın bütün əsas nəqliyyat-logistika layihələrini artıq reallaşdırdığı, indi daha çox yeni ünvanlardan yüklərin aşkar və səfərbər edilməsi üzərində çalışıldığı vurğulanır. Ölkəmiz özünün Orta Dəhliz boyu logistik imkanlarını ASEAN-ın tədarük zəncirlərinə inteqrasiya etməyi planlaşdırır. Hər iki dövlət ASEAN-da Çinin ən yaxın tərəfdaşlarıdır və Laosla Çin arasında sürətli dəmir yolu xətti var. Bu isə Pekinin 'Bir Kəmər, Bir Yol' proqramı ilə sıx sinerji deməkdir. Biz ASEAN-ın bu qolunu Mərkəzi Asiya üzərindən Avrasiya nəqliyyat dəhlizlərinə inteqrasiya etməklə qlobal logistik qovşaq statusumuzu möhkəmləndirir, həm də Qərbin Çini təcrid etmək cəhdlərini neytrallaşdırırıq".
Milli Məclisin üzvü əlavə edib ki, bu geostrateji hamlə xüsusilə Fransanın regiondakı təsir dairəsinə və diplomatik manevrlərinə ciddi cavabdır:
"Cənub-Şərqi Asiya Qərbin, ilk növbədə də Fransanın ən çox diqqətdə saxladığı regiondur. Kamboca da, Laos da keçmişdə onun müstəmləkəsi olublar. Fransanın keçmiş müstəmləkələri ilə nəinki iqtisadi, eyni zamanda hərbi və təhlükəsizlik sahəsində birbaşa körpülər qurmamız onu həm qıcıqlandırır, həm də cilovlayır. Bakı bu addımla göstərir ki, diplomatik təsirimiz yalnız Cənubi Qafqaz və ya Avropa ilə məhdudlaşmır, həm də Qərbin həssas yanaşdığı strateji regionlara qədər uzanır. Ölkəmizi təcrid etmək cəhdləri heç bir nəticə verməyəcək, çünki artıq qitələrarası miqyasda söz sahibinə çevrilən dövlətdən söhbət gedi".
Sahib Alıyev sonda humanitar sahədə "yumşaq güc" faktoruna da diqqət çəkib:
"Laos Prezidenti Thonqlun Sisulit ilə birgə bəyanatda oradan olan tələbələrə Azərbaycan universitetlərində təqaüdlə təhsil verilməsi əksini tapıb. Hazırda Laosun dövlət rəhbərliyində vaxtilə Bakıda təhsil almış şəxslər var. Onların sayı nə qədər çox olacaqsa, bu, həmin ölkədə və subregionda Azərbaycanın 'yumşaq güc' potensialının formalaşmasına bir o qədər müsbət təsir göstərəcək".