İrana qarşı əməliyyatlar fonunda ABŞ hərbçiləri arasında itkilərlə bağlı yeni məlumatlar açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
Bildirilib ki, 28 fevraldan etibarən davam edən əməliyyatlar zamanı ən azı 415 amerikalı hərbçi yaralanıb. Məlumata əsasən, yaralananların 271-i ordu, 63-ü dənizçi, 19-u dəniz piyadası, 62-si isə Hərbi Hava Qüvvələri hərbçisidir.
Qeyd olunub ki, yaralıların böyük hissəsi artıq yenidən xidmətə qayıdıb.
ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin əvvəlki açıqlamasına əsasən, yaralanmaların əksəriyyəti İranın pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar nəticəsində baş verib.
Məlumatda həmçinin bildirilir ki, döyüşlər və müxtəlif insidentlər zamanı 13 amerikalı hərbçi həlak olub. Onlardan 6-sı Küveytdə, 1-i Səudiyyə Ərəbistanında qeydə alınıb, qalanlarının isə ABŞ tanker təyyarəsinin qəzaya uğraması nəticəsində öldüyü bildirilir.