Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalı Qaziantepin Nurdağı konteyner şəhərini ziyarət ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlət başçısı səfərdən sonra açıqlamalar verib. O, mart ayında zəlzələdən zərər çəkənlər üçün binaların inşasına başlanılacağını bildirib.
“Növbəti bir ayda 18 min 544-ü Qaziantepdə olmaqla, 200 min yaşayış binasının tikintisi üçün işlərə başlayacağıq. 9130 kənd evi tikib, zərərçəkənlərə təhvil verəcəyik. Qaziantepin tarixi simasını və demoqrafik quruluşunu qoruyaraq şəhəri daha güclü şəkildə ayağa qaldıracağıq”, - deyə Ərdoğan bəyan edib.
O, qeyd edib ki, hazırda Qaziantepdən 87 min vətəndaş başqa vilayətlərə təxliyə edilib. 100 minə yaxın şəxsə çadırlarda, 4500-ə yaxın insana isə konteynerlərdə sığınacaq verilib.