Estoniya ABŞ-nin Baltikyanı ölkələrə hərbi dəstəyi dayandırmaq qərarından narahatlığını ifadə edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, xarici işlər naziri Marqus Tsahkna "Bloomberg"ə müsahibəsində bildirib ki, Vaşinqtonun dəstəyi təkcə regionun təhlükəsizliyi üçün deyil, həm də ABŞ-nin iqtisadi maraqları baxımından əhəmiyyətlidir:
“Əlbəttə, biz narahatıq. Lakin biz ABŞ Konqresi ilə işləyirik və izah edirik ki, Baltikyanı ölkələrin müdafiəsinə yatırılan hər dollar Amerika iqtisadiyyatına qayıdır. Hər 1 dollara qarşı biz öz tərəfimizdən 12 dollar ödəyirik”.
Nazir qeyd edib ki, bu yardım “ABŞ üçün yaxşı anlaşmadır”.
Xatırladaq ki, sentyabrın 11-də Latviya, Litva və Estoniya parlamentlərinin üzvləri ABŞ Konqresinə müraciət edərək, Baltikyanı regiona dəstəyin dayandırılması qərarına yenidən baxmağı xahiş ediblər.
Bundan əvvəl "Financial Times" yazmışdı ki, Pentaqon Şərqi Avropa ölkələrinin silahlı qüvvələrinin təlim və təchizat proqramlarını maliyyələşdirməyi dayandıracaq.
"The Washington Post" isə qeyd etmişdi ki, bu qərardan xüsusilə 2018-ci ildən tətbiq olunan Baltik Təhlükəsizlik Təşəbbüsü təsirlənəcək.