Operativ Məlumat Mərkəzi

Baş nazir: Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın regionda rolunun daha da artması deməkdir

2 dəq
Paylaş:
Baş nazir: Vaşinqtonda imzalanan sənədlər Azərbaycanın regionda rolunun daha da artması deməkdir

Azərbaycanın diplomatiya tarixinə qızıl hərflərlə yazılan 8 avqust tarixi ölkənin uzun, çətin, amma şərəfli bir yol keçərək əsası Ulu Öndər tərəfindən qoyulan və zamanın çağırışlarına uyğun Prezident İlham Əliyev tərəfindən mükəmməl şəkildə inkişaf etdirilən sülh konsepsiyasının hədəflərinə nail olması ilə əlamətdar oldu.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Baş nazir hökumətin İlham Əliyevin tarixi Vaşinqton səfərinə həsr olunan xüsusi iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu nailiyyətlər Prezidentinin güclü liderliyinin, yorulmaz səylərinin, sarsılmaz polad iradəsinin, qətiyyətinin və prinsipiallığının, parlaq diplomatik məharətinin, böyük uzaqgörənliyinin və müdrik qərarlarının məntiqi nəticəsidir:

“Onların əsasında Qarabağımızın və işğala məruz qalmış bütün torpaqlarımızın azad olunması və mütləq suverenliyimizin təmin edilməsi ilə yaranan yeni geosiyasi reallıqlar, eyni zamanda aləmdə Azərbaycanın nüfuzunun möhkəmlənməsi dayanır”.

Baş nazir vurğulayıb ki, postmüharibə dövründə Azərbaycanın xarici siyasəti davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür.

“Bu baxımdan Vaşinqtonda imzalanan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bir tərəfdən Ermənistanla uzunmüddətli sülhün əsasını qoyur, digər tərəfdən isə ABŞ ilə strateji tərəfdaşlığını yeni mərhələyə yüksəldir. Bu isə təkcə ikitərəfli münasibətlərin möhkəmlənməsi deyil, həm də regionun qlobal iqtisadi və nəqliyyat xəritəsində Azərbaycanın rolunun daha da artması deməkdir”, - Ə.Əsədov deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax