Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskini sülh danışıqlarını pozmağa cəhd etməkdə ittiham edib.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, Zaxarova bu barədə Sputnik radiosuna açıqlamasında bildirib. Onun sözlərinə görə, Zelenski rejimi terror hücumları və mülki əhaliyə qarşı zərbələr vasitəsilə istənilən sülh təşəbbüsünü pozmağa çalışır.
“Zelenski rejimi təmaslara necə reaksiya verir? Bu, nə hərbi zərurətdən, nə də döyüş meydanındakı vəziyyətin məntiqindən irəli gəlir. Zərbələr məhz mülki əhaliyə və sosial obyektlərə qarşı həyata keçirilir. Bunlar sadəcə zərbələr deyil, terror hücumlarıdır”, – deyə diplomat qeyd edib.
Zaxarova bildirib ki, bu cür addımların əsas məqsədi sülhə dair istənilən müzakirələri və irəliləyişi pozmaqdır. Onun sözlərinə görə, hazırda danışıqların konkret vəziyyəti və ya sülh prosesinin yekun planı müzakirə olunmasa da, bu istiqamətdə atılan hər bir addım oxşar reaksiyalarla qarşılanır.