ABŞ-nin Vaşinqton ştatının Spokane bölgəsində davam edən meşə yanğınları ciddi təhlükə yaratmaqda davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Məlumata görə, bölgədə qeydə alınan 15 ayrı yanğın ocağı ümumilikdə təxminən 101 min hektar ərazini əhatə edib. Hazırda alovun qarşısını almaq üçün genişmiqyaslı söndürmə işləri aparılsa da, yanğınlar hələ də tam nəzarət altına alınmayıb.
Rəsmi məlumatlara əsasən, yanğın təhlükəsi səbəbindən Spokane bölgəsində yaşayan təxminən 60 min nəfər təxliyə edilib. Təbii fəlakət nəticəsində 600-dən çox tikili tamamilə yararsız vəziyyətə düşüb.
Spokane şəhərinin meri Lisa Brown keçirdiyi mətbuat konfransında baş verənləri bölgə tarixinin ən böyük təbii fəlakəti kimi qiymətləndirib.
ABŞ Milli Hava Xidməti (NWS) isə bölgədə müşahidə olunan hava şəraitinin yanğınların yayılması üçün əlverişli olduğunu bildirib. Məlumata görə, saatda 56 kilometr sürətlə əsən güclü küləklər və aşağı rütubət səviyyəsi yanğın riskini yüksək saxlayır.
Qeyd edək ki, Vaşinqton ştatının qubernatoru Bob Ferguson avqustun 1-də ştat ərazisində fövqəladə vəziyyət elan edib. O, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı apardığını və dövlət başçısının yanğından zərər çəkən əhaliyə dəstəyini ifadə etdiyini açıqlayıb.
Başlıq: ABŞ-də meşə yanğınları böyüyür: 60 min nəfər təxliyə edildi