Peter Magyar 2026-cı il parlament seçkilərində uzun müddət Macarıstanın baş naziri olmuş Viktor Orbanı məğlub edərək, "Fidesz" partiyasının on ildən artıq davam edən hakimiyyətinə son qoyub və ölkənin siyasi mənzərəsində ciddi dəyişiklik yaradıb.
Bəs ölkənin yeni baş naziri olacaq bu şəxs haqqında nələri bilirik?
45 yaşlı Magyar Budapeştdə tanınmış siyasi ailədə anadan olub. Onun babası Ferens Madl 2000-2005-ci illərdə Macarıstanın prezidenti vəzifəsini icra edib.
O, iyirmi ildən çox "Fidesz" ilə əlaqəli siyasi və diplomatik dairələrdə çalışıb. Keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ədliyyə naziri olmuş Judit Varqa ilə də bu dövrdə tanış olub. Onlar bir müddət Brüsseldə yaşayıb və fəaliyyət göstəriblər.
2023-cü ildə Magyarın siyasi xətti kəskin şəkildə dəyişdi. O, Varqa ilə boşandıqdan sonra hökuməti korrupsiya və təbliğatda günahlandıraraq "Fidesz" ilə əlaqələrini kəsdi. Bu ayrılıq, uşaq istismarı işindəki mübahisəli əfv qərarı ilə bağlı yaranan və prezident Katalin Novakın istefası ilə nəticələnən böyük siyasi qalmaqaldan sonra baş verdi.
2024-cü ilin əvvəlində müstəqil siyasətə qədəm qoyan Magyar daha sonra "Tisza" partiyasını qurdu. Partiya 2024-cü il Avropa Parlamenti seçkilərində təxminən 30% səs toplayaraq ikinci oldu və Magyar Avropa Parlamentinin deputatı seçildi.
Magyar "Avropa İttifaqı" ilə daha yaxın əlaqələrin tərəfdarı olduğunu bildirsə də, Rusiya ilə bağlı praqmatik yanaşmanı müdafiə edir. O, qanunun aliliyi ilə bağlı narahatlıqlara görə dondurulmuş "Avropa İttifaqı" fondlarını açmağa və durğunluqdan sonra Macarıstan iqtisadiyyatını canlandırmağa söz verib.