İsrail hərbi aviasiyası Livanın cənub və şərq hissələrində ümumilikdə 38 yaşayış məntəqəsinə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyinə Livanın hərbi-sahə mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, zərbələrin 36-sı ölkənin cənubuna, 2-si isə şərq bölgələrinə endirilib.
Bundan əlavə, 14 məntəqə artilleriya atəşinə məruz qalıb.
Sərhəddə yerləşən Xiyam şəhərində isə İsrail hərbçiləri bir neçə yaşayış binasını minalayaraq partladıblar.
Livan Səhiyyə Nazirliyinin hesabatına əsasən, martın 2-dən bəri davam edən hücumlar nəticəsində həlak olanların sayı 2879 nəfərə çatıb, 8730 vətəndaş isə yaralanıb. Hazırda Livan və İsrail arasında rəsmi atəşkəs rejimi qüvvədə olsa da, qarşılıqlı zərbələr gündəlik olaraq davam edir. "Hizbullah" hərəkatı sərhəd zonasında İsrail hərbçilərinə hücumlarla cavab verir, "IDF" (İsrail Müdafiə Qüvvələri) isə qarşı tərəfi atəşkəsi pozmaqda müntəzəm olaraq günahlandırır.