Fransanın Bordeaux limanında lövbər salan kruiz gəmisində norovirus şübhəsi yaranıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, norovirus şübhəsi ilə başlayan yoluxma nəticəsində 90 yaşlı bir sərnişin həyatını itirib.
Səhiyyə rəsmilərinin açıqlamasına görə, təxminən 50 sərnişində ürəkbulanma, qusma və ishal əlamətləri müşahidə olunub.
Hadisədən sonra gəmidə olan 1700-dən çox şəxs karantinə alınıb.
Rəsmi qurumlar karantin müddətinin nə vaxt başa çatacağı ilə bağlı hələ açıqlama verməyib.
Norovirus dünyada kruiz gəmilərində baş verən mədə-bağırsaq mənşəli yoluxmaların ən geniş yayılmış səbəblərindən biri hesab olunur.
Virus çirkli qida və su vasitəsilə, həmçinin qapı tutacaqları və məhəccərlər kimi tez-tez toxunulan səthlərdən və birbaşa təmas yolu ilə asanlıqla yayılır.
Xəstələrdə simptomlar adətən 1–3 gün ərzində keçsə də, qapalı və sıx mühitlərdə virusun yayılması çox sürətlə baş verir.