Yeni isti hava dalğasının təsiri altına düşən Fransanın 43 vilayətində hava şəraiti ilə bağlı xəbərdarlıq səviyyəsi “narıncı”ya qaldırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Fransanın milli meteorologiya xidməti “Météo-France” ölkə ərazisində yeni isti hava dalğasının təsirini göstərməyə başladığını açıqlayıb.
Qurum yüksək temperaturla bağlı xəbərdarlıq edərək, dünən 21 vilayətdə tətbiq olunan “narıncı” xəbərdarlığın bu gün etibarilə 43 vilayəti əhatə etdiyini bildirib.
Ölkə üzrə ən aşağı temperaturun 20 dərəcə olacağı, xüsusilə Fransanın qərb və cənub-qərb bölgələrində isə 36-38 dərəcəyədək olacağı bildirilib.
Rekord temperaturun qeydə alındığı Fransada bu il tarixdə ən isti iyul ayı yaşanıb. İyunun sonu və iyulun əvvəlində təsir göstərən isti hava dalğası zamanı əvvəlki illərlə müqayisədə ölüm halları 36 faiz artıb və əlavə 5 767 ölüm qeydə alınıb.
İsti hava və quraqlığın meşə yanğınları riskini artırması fonunda bu il ölkə üzrə 117 min hektar ərazinin yanaraq kül olduğu bildirilib.