“Slaviya”nın müdafiəçisi Tomaş Vlçek Çempionlar Liqasının liqa mərhələsinin II turunda “Sabah”la keçiriləcək matçdan qələbə ilə ayrılmaq istədiklərini bildirib.
Oyunöncəsi mətbuat konfransında çıxış edən futbolçu komandasının turnirdə uzun müddətdir qələbə qazanmamasının əlavə motivasiya yaratdığını deyib. Vlçekin sözlərinə görə, “Lans”la Çempionlar Liqası matçından sonra komanda yaxşı nəticələr əldə edib və həmin oyunda baş verənlər onlara müsbət təsir göstərib.
“Təzyiq bizə mane olmur. Komandamız Çempionlar Liqasında qələbə qazanmağa layiqdir. Uzun müddətdir bu turnirdə qalib gəlmirik və bu, bizi daha da motivasiya edir. Bakıdan qələbə ilə qayıtmaq istəyirik”, – deyə müdafiəçi vurğulayıb.
Vlçek “Sabah”ı yüksək səviyyəli və güclü rəqib kimi xarakterizə edib. O, Azərbaycan klubunun təsnifat mərhələlərində yaxşı çıxış etdiyini, komandasının isə qarşılaşmaya hazırlaşmaq üçün əlindən gələni etdiyini bildirib.
“Sabah” – “Slaviya” oyunu oktyabrın 13-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq.