Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula von der Leyenə müraciət edərək Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyanın “Drujba” neft kəməri ilə nəqlinin bərpasını tələb etməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Hökumət başçısı Brüsselə göndərdiyi məktubda bildirib ki, Ukrayna Avropa İttifaqı ilə bağlanmış razılaşmalara əməl etməli və birlik ölkələrinin enerji təhlükəsizliyinə təhdid yaratmamalıdır.
Orban xatırladıb ki, o, Slovakiyanın Baş naziri Robert Fiko ilə birlikdə neft kəmərinin istismara yararlı olub-olmadığını yoxlamaq üçün iki ölkənin mütəxəssislərinin Ukraynaya göndərilməsini təklif edib.
Ukrayna prezidenti isə Macarıstan və Slovakiyanın son illərdə neft nəqlinin ümumiyyətlə həyata keçirilməsinə görə Ukraynaya minnətdar olmalı olduqlarını bildirib.
Orbanın sözlərinə görə, Zelenski həmçinin neft kəmərini açmaq niyyətində olmadığını deyib.
Baş nazir bunu Ukrayna ilə Avropa İttifaqı arasında mövcud razılaşmaların pozulması kimi qiymətləndirib: “Bu səbəbdən bu gün yaranmış vəziyyət barədə Aİ sədrini məlumatlandırdım”.
Onun sözlərinə görə, “Drujba” kəməri ilə neft nəqli bərpa olunmayınca Macarıstan Ukraynanın xeyrinə qəbul ediləcək heç bir Avropa İttifaqı qərarını dəstəkləməyəcək.