Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vens İsraildə keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində Baş nazir Benyamin Netanyahunun namizədliyini dəstəkləyib-dəstəkləmədiyinə dair sualdan yayınaraq, Vaşinqtonun müttəfiq ölkənin daxili siyasi işlərinə müdaxilə etməyəcəyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM”-inCNN-ə istinadən yaydığı məlumata görə, C.D.Vens bu açıqlamanı “Air Force Two” təyyarəsində jurnalist Mark Halperinə verdiyi müsahibədə səsləndirib.
Vitse-prezident xarici ölkələrdəki seçki kampaniyalarından kənarda durmağa üstünlük verdiyini vurğulayıb:
“Mən birbaşa Amerikadakı namizədləri dəstəkləyirəm və bütün diqqətimi ABŞ-də keçiriləcək aralıq seçkilərə yönəltmişəm. İsraildəki daxili seçki prosesinə müdaxilə etməyəcəyəm. Mən Netanyahunun namizədliyini dəstəkləməyin ne əleyhinəyəm, ne də lehinə. Neytrallığı qoruyuram”, – deyə Vens bildirib.
Məlumata görə, Vensin bu mövqeyi Ağ Ev rəhbərliyindəki fərqli yanaşmaları üzə çıxarıb. Belə ki, ABŞ Prezidenti Donald Tramp bu ayın əvvəlində “Time” jurnalına müsahibəsində İsrail siyasətinə qarışmayacağını bildirsə də, sonradan sosial şəbəkə hesabında paylaşım edərək Benyamin Netanyahuya açıq dəstək verib və onu “Böyük Döyüşçü Baş nazir” adlandırıb.
İsraildə keçiriləcək həlledici səsverməyə sayılı günlər qalmış ABŞ-ın müdafiə naziri Pit Heqset əvvəlcədən elan edilməyən gözlənilməz rəsmi səfərlə Tel-Əvivə gəlib. Məlumata görə, P.Heqset İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats ilə qapalı görüşlər keçirib, regional təhlükəsizlik və hərbi əməkdaşlıq məsələlərini müzakirə edib.