ABŞ İran ətrafındakı münaqişədə atəşkəsə Tehran Hörmüz boğazını gəmiçilik üçün açmağa hazır olduğunu bildirdikdən sonra razılaşıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens Budapeştdə bildirib.
"Prezident (Donald Tramp - red.) faktiki olaraq İrana ultimatum verdi. O dedi ki, "Boğazı açın. Dünya iqtisadiyyatını girov saxlamağa son qoyun və biz atəşkəs barədə razılığa gələcəyik". Biz gecə məhz belə bir razılaşmaya gəldik. İranlılar boğazı açmağa razı oldular", - Vens Matyaş Korvin Kollegiyasında – Macarıstan hökumətinin dəstəyindən yararlanan elmi-təhsil müəssisəsində çıxış edərkən deyib.
Bununla yanaşı, Vens əlavə edib ki, Prezident Tramp ona və danışıqlar qrupuna İranla bağlı razılaşmanın əldə olunması üzərində işləməyi tapşırıb. "Əgər iranlılar bizimlə dürüst əməkdaşlıq etməyə hazırdırlarsa, düşünürəm ki, biz razılaşma əldə edə bilərik", - Vens qeyd edib.
Onun sözlərinə görə, ABŞ və onun müttəfiqləri İrana hücumları dayandırmaq barədə razılığa gəliblər, bu da onun "kövrək atəşkəs" kimi xarakterizə etdiyi vəziyyətin əsasını təşkil edib.
Vens, həmçinin əlavə edib ki, İranda əldə olunmuş razılaşmalara reaksiya birmənalı deyil: cəmiyyətin bir hissəsi atəşkəsi müsbət qarşılayıb, digərləri isə onun nəticələri haqqında məlumatları təhrif edirlər.
O vurğulayıb ki, Tramp İran istiqamətində irəliləyiş əldə etmək niyyətindədir və xəbərdarlıq edib ki, "Tehran tərəfindən haqsız hərəkətlər olacağı təqdirdə ardınca sərt reaksiya gələcək".
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb. Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.