ABŞ-nin Nevada ştatında güclü küləklərin təsiri ilə sürətlə yayılan meşə yanğını səbəbindən 42 min nəfər üçün məcburi təxliyə əmri verilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Washoe bölgəsində isə fövqəladə vəziyyət elan olunub.
Reno şəhərinin şimal-qərbində avqustun 22-də başlayan yanğın genişlənərək təxminən 60 kvadratkilometr ərazini əhatə edib, yanğın hələlik nəzarət altına alınmayıb.
Səlahiyyətli şəxslərin bildirdiyinə görə, küləyin istiqamətinin tez-tez dəyişməsi alovların yanğınsöndürmə texnikasının üzərindən keçərək yayılmasına səbəb olur. Bu isə yanğınsöndürənlərin təhlükəli ərazilərə və alovun güclü olduğu nöqtələrə çatmasını çətinləşdirir.
İlkin araşdırmalara əsasən, yanğının insan fəaliyyəti nəticəsində başladığı bildirilir.
Yanğın nəticəsində 6 nəfər, o cümlədən 3 ilk müdaxilə əməkdaşı xəsarət alıb. Çox sayda yaşayış evinə də ziyan dəyib.
Hakimiyyət orqanları 42 min nəfərin təxliyə edilməsinə qərar verib. Təxminən 45 min insanın yaşadığı qonşu ərazilərin sakinlərinə isə mümkün təxliyəyə hazır olmaları barədə xəbərdarlıq edilib.
Nevada qubernatoru Co Lombardo Washoe bölgəsində fövqəladə vəziyyət elan edib və ştatın Milli Qvardiyasını yanğınla mübarizəyə cəlb edib.