İslamabadda yerləşən İmam Bərgah məscidinə partlayışdan əvvəl üç hücumçu hücum edib və yerli mühafizəçi yaralanıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bu barədə məscidin gözətçisi İşfaq “RİA Novosti” agentliyinə məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı o, məscidin yaxınlığındakı evdə olub və atəş səsləri eşidib.
“İmam Bərgahın yaxınlığında evdə idim və atəş səsləri eşitdim. Məscidə qaçanda yerli bir mühafizəçinin yerdə yaralı vəziyyətdə uzandığını gördüm”, – deyə İşfaq bildirib.
Gözətçinin sözlərinə görə, mühafizəçi ilə danışdığı vaxt məsciddə güclü partlayış baş verib. Hadisə nəticəsində 31 nəfər ölümcül xəsarət alıb, daha 169 nəfər isə yaralanıb.
İşfaq qeyd edib ki, məscid polis əməkdaşları tərəfindən deyil, yerli hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən mühafizə olunur.