ABŞ-nin İrana qarşı yeni sanksiyalar paketi Tehran iqtisadiyyatında təzyiqi daha da artırıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ABŞ Maliyyə naziri Skott Bessent tərəfindən avqustun 24-də elan edilən yeni sanksiyalar İranın neft gəlirlərini, maliyyə kanallarını və xarici ticarət şəbəkələrini hədəfə alıb.
Sanksiyaların elanından sonra İranda sərbəst bazarda dolların məzənnəsi 2 milyon 30 min riala yüksəlib. Beləliklə, rialın məzənnəsi fevralın 28-də başlayan müharibə ilə müqayisədə təxminən 22 faiz, ilin əvvəlindən etibarən isə 42 faizdən çox dəyər itirib.
ABŞ-nin “maksimum təzyiq” strategiyası yeni deyil. Vaşinqton 2018-ci ildən İranın neft gəlirlərini azaltmaq, ölkəni beynəlxalq maliyyə sistemindən təcrid etmək və Tehranı nüvə proqramı ilə bağlı güzəştlərə məcbur etmək məqsədilə genişmiqyaslı sanksiyalar tətbiq edir.
İran isə sanksiyalardan yayınmaq üçün “kölgə donanması”, paravan şirkətlər və Çin üzərindən alternativ ödəniş kanallarından istifadə edib. Yeni tədbirlərlə Vaşinqton bu mexanizmləri də məhdudlaşdırmağa çalışır.
Dolların 2 milyon rial həddini keçməsi İran iqtisadiyyatı üçün ciddi psixoloji və iqtisadi göstərici hesab olunur. Məzənnənin yüksəlməsi idxal olunan məhsulların, dərmanların və xammalın bahalaşmasına səbəb ola bilər.
İran rəsmiləri isə ABŞ-ın iqtisadi təzyiqlərinə qarşı sərt tədbirlərin görüləcəyini bildirirlər. İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Möhsün Rzai ABŞ-nin “iqtisadi müharibəsinə” dəstək verən ölkələrin maraqlarının hədəfə alına biləcəyini açıqlayıb.
Yeni sanksiyaların əsas hədəflərindən biri İranın neft gəlirləridir. ABŞ neft satışından əlavə, onun daşınması və ödənişlərinin həyata keçirilməsində iştirak edən şəbəkələri də sıradan çıxarmağa çalışır.
Bu prosesdə Çinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Çin İran neftinin əsas alıcısı olaraq qalır və ABŞ-nin Çin şirkətlərinə qarşı ikincil sanksiyalar tətbiq edib-etməyəcəyi Tehran üçün əsas suallardan biridir.
ABŞ-nin hərbi və iqtisadi təzyiqləri paralel şəkildə artırması İran iqtisadiyyatının dayanıqlığını ciddi sınaq qarşısında qoyur. Qarşıdakı dövrdə İranın neft ixracını qoruyub saxlaya bilməsi və Çin başda olmaqla tərəfdaşlarının Vaşinqtonun təzyiqlərinə reaksiyası vəziyyətin gələcək istiqamətini müəyyənləşdirəcək.