Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində yerləşən Hürtgenvald qəsəbəsində baş verən meşə yanğınının yaşayış ərazilərinə yaxınlaşması səbəbilə təxminən 2 min nəfərin təxliyəsinə başlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bələdiyyənin açıqlamasına görə, alovlar Gey məhəlləsinə təxminən 200 metr məsafəyə qədər yaxınlaşıb. Bu səbəbdən ərazidə yaşayan sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsinə qərar verilib.
Polis təxliyə zamanı indiyədək hər hansı ciddi problem yaşanmadığını bildirib.
Sakinlərə özləri ilə yalnız zəruri şəxsi əşyalarını, şəxsiyyət sənədlərini və dərmanlarını götürmələri tövsiyə olunub.
Bələdiyyə həmçinin güclü tüstü səbəbilə ağız və burunların parça, geyim və ya maska ilə örtülməsini, eləcə də yanğın bölgəsindən uzaq durulmasını istəyib.
Yanğın nəticəsində bələdiyyə ərazisində təxminən 300 hektar meşə sahəsinin zərər gördüyü bildirilir. Bu, təxminən 420 futbol meydançasının sahəsinə bərabərdir.
Yanğının söndürülməsi işlərinə Almaniya ordusu da cəlb olunub. Hərbçilər alovla mübarizə aparmaq üçün bölgəyə tanklar göndərib.
Məlumat üçün bildirək ki, Almaniya-Belçika sərhədinin yaxınlığında yerləşən Hürtgenvald qəsəbəsində təxminən 9 min nəfər yaşayır.