Avropada təcavüzə qarşı sürətli qərar qəbul edə biləcək hərbi strukturun yaradılması vacibdir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “The Guardian”ın jurnalisti Paul Taylor yazıb.
Teylor qeyd edib ki, “Avropanın təcavüzə qarşı vaxtında qərarlar qəbul edə biləcək yeni bir struktur yaratması eyni dərəcədə vacibdir. Rusiya ilə Ukrayna arasında dörd illik tammiqyaslı münaqişə göstərdi ki, nə NATO, nə də Avropa İttifaqı sürətli və adekvat cavab təmin edə bilməz”.
Onun sözlərinə görə, NATO “dominant ABŞ təsiri” altındadır və Vaşinqton istəmədikcə hərəkət edə bilməz, AB isə “müdafiə təşkilatı” deyil. Teylor əlavə edib ki, AB Müqaviləsinin qarşılıqlı müdafiə bəndinin (42.7-ci maddə) tətbiqi təkliflərinə baxmayaraq, alyansın “az hərbi təcrübəsi var və hazırda əməliyyat komandanlığı yoxdur”.
Jurnalist vurğulayıb ki, “Soyuq Müharibənin sonundan bəri heç bir aktiv avropalı general döyüşdə bir briqadadan artıq komandanlıq etməyib və Əfqanıstan, İraq, Mali, Bosniya və Kosovoda ekspedisiya və ya sülhməramlı əməliyyatlarda iştirak etmək üçün yalnız kiçik qüvvələr göndərilib”.
O həmçinin bildirib ki, Aİ və NATO “yekdillik prinsipi ilə bağlıdır” və məsələn, Aİ Slovakiya və Macarıstanın “narahat” mövqeləri ilə üzləşir. Bundan əlavə, müəllif qeyd edib ki, Aİ-yə Avropanın müdafiəsi üçün vacib olan Böyük Britaniya, Norveç və Türkiyə daxil deyil.
Teylorun sözlərinə görə, Ukraynanı dəstəkləmək üçün yaradılan “könüllülərin koalisiyası” potensial təcavüzə qarşı çıxmağa qadir bir təşkilata çevrilə bilər.