Ötən gecə İraqın Ərbil şəhərində kütləvi hücum cəhdinin qarşısı alınıb. Hava hücumundan müdafiə vasitələri hədəfə çatmağa çalışan 20-dən çox pilotsuz uçuş aparatını (PUA) vuraraq zərərsizləşdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı rəsmi açıqlamanı Ərbilin qubernatoru Omed Xoşnau verib. Qubernator hücumlar nəticəsində insan itkisinin olmadığını xüsusi vurğulayıb.
"Hava hücumundan müdafiə sistemləri PUA-ların ələ keçirilməsi əməliyyatında iştirak edib. Bu isə hücumun tam şəkildə qarşısının alınmasına kömək edib", - deyə o bildirib.
Yerli mənbələrin məlumatına görə, Ərbil əyalətinin səmasında eşidilən partlayış səslərinin əsas səbəbi məhz dronların hədəflərinə çatmadan havada ələ keçirilməsidir.