Azərbaycan 28 May – Müstəqillik Gününü qeyd edir. "Operativ Məlumat Mərkəzi-OMM" xatırladır ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) əsası qoyulub. Bu əlamətdar bayram artıq altıncı ildir ki, işğaldan azad edilmiş ərazilərdə də təntənəli şəkildə qeyd olunur.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı və Çar İmperiyasının süqutu nəticəsində xalqların milli azadlıq hərəkatı vüsət alıb. Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan AXC türk və İslam dünyasında ilk parlamentli respublika, həmçinin hüquqi və dünyəvi dövlət nümunəsi kimi tarixə düşüb. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olub.
Cümhuriyyətin fəaliyyəti ilə bağlı bəzi tarixi faktlar:
- Milli Şura fəaliyyətinə Tiflisdə başlayıb, daha sonra Gəncəyə köçürülüb. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra hökumət paytaxta köçüb.
- AXC-ni rəsmən tanıyan ilk dövlət 4 iyun 1918-ci ildə Osmanlı İmperiyası olub.
- 1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi ilə üçrəngli dövlət bayrağı qəbul edilib.
23 aylıq mövcudluğu dövründə Cümhuriyyət qadınlara seçki hüququnun verilməsi, milli ordu quruculuğu, Milli Bankın yaradılması və milli valyutanın tətbiqi kimi mühüm nailiyyətlərə imza atıb. Lakin 1920-ci ildə bolşevik Rusiyasının işğalı nəticəsində dövlət müvəqqəti olaraq süqut edib. 1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan öz müstəqilliyini bərpa edib.
Qeyd edək ki, 1991-ci ildən 2021-ci ilədək bu tarix Respublika Günü kimi qeyd olunub. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli qərarı və Prezident İlham Əliyevin təsdiqlədiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, bayramın adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Hazırda bu gün Azərbaycanda qeyri-iş günü hesab olunur.