Ankara sərhədləri daxilində yerləşən milli parklar, istirahət zonaları, təbiət və meşə parkları istisna olmaqla, bütün meşəlik ərazilərə giriş 30 sentyabradək qadağan edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, meşəlik və istirahət ərazilərində insan və avtomobil sıxlığının artması, həmçinin Türkiyə üzrə meşə yanğınları baxımından yüksək risk yaradan meteoroloji şəraitin davam etməsi səbəbilə əlavə təhlükəsizlik tədbirləri görülüb.
Qeyd olunub ki, küləş yandırılması, əkin sahələrində aparılan işlər, bağ-bağça təmizliyi, tullantıların yandırılması, enerji ötürücü xətlərdə nasazlıqlar, piknik, çoban tonqalı, ildırım, qəsd, səhlənkarlıq və ya diqqətsizlik nəticəsində baş verə biləcək meşə yanğınlarının qarşısını almaq məqsədilə yeni qərarlar qəbul edilib.
Bu çərçivədə, vilayət sərhədləri daxilindəki milli parklar, təbiət və meşə parkları istisna olmaqla, bütün meşəlik ərazilərə girişlər 1 iyundan etibarən 30 sentyabradək qadağan olunub.
Kempinq fəaliyyətinə icazə verilən obyektlər istisna olmaqla, meşəlik ərazilərdə düşərgə salmaq və çadır qurmaq qadağandır. Meşələrdə yalnız səlahiyyətli qurumların nəzarətində olan istirahət zonaları, təbiət parkları və milli parklarda idarə tərəfindən müəyyən edilmiş ocaq, manqal və barbekü yerlərindən istifadə edilə biləcək. Bu ərazilərdə tonqal, manqal və samovar yalnız müəyyən edilmiş yerlərdə yandırıla bilər.
Həmin ərazilərə giriş və çıxış saat 09:00-dan 22:00-dək mümkün olacaq. Müəyyən edilmiş saatlardan kənarda isə düşərgə salmaq və çadır qurmaq qadağandır.
Meşə təsərrüfatı işləri çərçivəsində istehsal fəaliyyəti, ting əkilməsi, təmir və qulluq işləri ilə məşğul olan, meşə idarəsi ilə müqavilə bağlamış şəxslər və həmin işlərə nəzarət edən meşə idarəsi əməkdaşları istisna olmaqla, digər vətəndaşların meşələrə giriş-çıxışına icazə verilməyəcək.
Xüsusilə seyrək məskunlaşmış ərazilərdə, meşədaxili və meşəyə bitişik yaşayış yerlərində küləş, bağ-bağça və əkin sahələrinin təmizlənməsi nəticəsində yaranan budaq və bitki örtüyünün yandırılması, eləcə də fişəng atılması qadağan olunub.
Meşə əraziləri yaxınlığındakı müəssisə və sənaye obyektləri, fəaliyyətləri nəticəsində yarana biləcək yanğın risklərinə qarşı qabaqlayıcı tədbirlər görməli olacaq. Enerji ötürücü xətlərin tikintisi və texniki baxışı ilə məşğul olan qurumlar xüsusilə meşəlik ərazilərdən keçən xətlərin baxımını təmin edəcək, yanğın riskinə qarşı bütün tədbirləri görəcək və zərurət yaranarsa enerji kəsintisi tətbiq edəcək.