Ankarada NATO Zirvəsi öncəsi təhlükəsizlik tədbirləri gücləndirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ankara şəhərində keçiriləcək yüksək səviyyəli zirvə toplantısı ərəfəsində təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb.
Məlumata görə, paytaxtın hava limanlarında, protokol marşrutlarında və xarici nümayəndə heyətlərinin yerləşəcəyi məkanlarda genişmiqyaslı hazırlıq işləri həyata keçirilir.
Bildirilir ki, ABŞ-nin Ankaradakı səfirliyi yaxınlığında yerləşən və ABŞ Prezidenti Donald Trampın qalacağı gözlənilən otelin ətrafında polis tərəfindən gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
Qeyd olunur ki, əraziyə təhlükəsizlik baryerləri quraşdırılıb, xüsusi nəzarət-buraxılış məntəqələri yaradılıb. Eyni zamanda, hər hansı fövqəladə hadisəyə operativ müdaxilə məqsədilə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları da hazır vəziyyətdə saxlanılır.
Məlumata əsasən, digər dövlət və hökumət başçılarının qalacağı otellərdə də analoji təhlükəsizlik rejimi tətbiq edilir.
Bildirilir ki, Ankaranın strateji əhəmiyyət daşıyan nöqtələrində hüquq-mühafizə orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar.