ABŞ xarici jurnalistlərin ölkədə qalma müddəti ilə bağlı yeni viza qaydaları tətbiq etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yeni tənzimləməsinə əsasən, əvvəlki “statü müddəti” sistemi ləğv edilərək, sabit viza müddəti tətbiq olunacaq.
Yeni qaydalara görə, xarici jurnalistlər üçün viza müddəti 240 gün, Çin vətəndaşı olan media nümayəndələri üçün isə 90 gün müəyyən ediləcək. 240 günlük müddətin uzadılması mümkün olsa da, Çinli jurnalistlərə tətbiq edilən məhdudiyyət Honkonq və Makao nümayəndələrinə şamil olunmayacaq.
Qərarın ABŞ-nin rəsmi qəzetində dərc edildikdən 60 gün sonra qüvvəyə minəcəyi bildirilib.
Mətbuat azadlığı təşkilatları yeni qaydaları tənqid edib. “Sərhədsiz Reportyorlar” və Jurnalistləri Müdafiə Komitəsi bu addımın beynəlxalq jurnalistlərin fəaliyyətini məhdudlaşdıra biləcəyini bildirib.
ABŞ rəsmiləri isə qərarı ölkədə fəaliyyət göstərən xarici jurnalistlərin sayının artması və nəzarət mexanizmlərinin gücləndirilməsi zərurəti ilə əsaslandırıblar.