ABŞ Prezidenti Donald Tramp ölkənin müdafiə qabiliyyəti və hərbi büdcəsi ilə bağlı açıqlamalar verərək Konqresi təcili addımlar atmağa çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Donald Tramp “Truth Social” sosial media platformasındakı paylaşımında ABŞ ordusunun hazırda tarixdə görünməmiş gücə sahib olduğunu iddia edib.
Məlumata görə, Tramp Amerika hərbi qüdrətinin dünyada bənzərsiz olduğunu vurğulayaraq, “Amerikan ordusu heç vaxt indiki qədər güclü və qüdrətli olmayıb. Heç bir ölkə bizim nailiyyətlərimizi təkrarlaya bilməz” ifadələrini işlədib.
Siyasətçi bildirib ki, bu il orduya cəlb olunan şəxslərin sayında rekord göstəricilər əldə olunub və hərbçilər arasında yüksək əhval-ruhiyyə müşahidə edilir.
Tramp Konqresdən 350 milyard dollarlıq müdafiə büdcəsini nəzərdə tutan qanun layihəsinin prioritet məsələ kimi müzakirəyə çıxarılmasını tələb edib. O, Nümayəndələr Palatası və Senat rəhbərliyini sənədin Büdcə Komitəsindən sürətlə keçirilməsinə çağırıb.
ABŞ Prezidenti, həmçinin müdafiə büdcəsi ilə yanaşı “SAVE AMERICA ACT” adlı qanunvericilik təşəbbüsünün də qəbul edilməsinin vacib olduğunu qeyd edib.
Trampın sözlərinə görə, bu addımlar ABŞ-nin gələcək nəsillər üçün təhlükəsizliyinin və azadlığının təmin olunmasında mühüm rol oynayacaq.