ABŞ İranla yaşanan gərginlikdən sonra Aralıq dənizindən Oman dənizinə qədər uzanan xətt üzrə hərbi mövcudluğunu gücləndirərək döyüş gəmilərinin sayını 23-ə çatdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin Aralıq dənizində 10, Ədən körfəzində 1, Oman dənizində 10, Bəsrə körfəzində isə 2 döyüş gəmisi yerləşdirilib.
Hazırda ABŞ-nin Aralıq dənizində 1 təyyarədaşıyan gəmi, 8 esmines və 1 yanacaqdaşıyan gəmi olmaqla ümumilikdə 10 döyüş gəmisi xidmət göstərir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni nəsil təyyarədaşıyan gəmisi olan “USS Gerald R. Ford” nüvə enerji sistemi sayəsində uzun müddət yanacaq doldurmadan fəaliyyət göstərə bilir. Tam yüklü çəkisi təxminən 100 min tona çatan gəmi 75-ə qədər döyüş təyyarəsi daşımaq qabiliyyəti ilə açıq dənizlərdə hava əməliyyatlarının aparılmasını təmin edir.
Gəmi inkişaf etmiş radar sistemləri, elektron müharibə imkanları və yaxın hava hücumundan müdafiə sistemləri ilə təchiz olunub və nüvə reaktoru ilə işləyir.
Təxminən 4 min 550 heyətin xidmət etdiyi bu gəmi ABŞ-ni qlobal hərbi çəkindiriciliyinin əsas elementlərindən biri hesab olunur.
“Arleigh Burke” sinifli idarəolunan raket buraxan esmineslər isə hava hücumundan müdafiə, sualtı qayıqlara qarşı müdafiə və ballistik raketdən müdafiə kimi əməliyyat imkanları ilə çoxməqsədli vəzifələr yerinə yetirə bilir.
Torpedo sistemləri, yaxın hava müdafiə silahları və inkişaf etmiş radar sensorları ilə təchiz olunan bu esmineslər təyyarədaşıyan gəmi qruplarının qorunmasında kritik rol oynayır.
Təxminən 300 nəfərlik heyətlə xidmət edən bu gəmilər həm hava təhdidlərinə qarşı müdafiə qalxanı yaradır, həm də lazım gəldikdə quru hədəflərinə qarşı uzaqmənzilli, dəqiq zərbə imkanları təqdim edir. Bu xüsusiyyətləri ilə esmineslər ABŞ-nin bölgədəki çəkindiricilik və sürətli müdaxilə qabiliyyətinin əsas elementlərindən biri sayılır.
“Henry J. Kaiser” sinifli təchizat gəmisi “USS Kanawha" isə dənizdə yanacaq və logistika dəstəyi göstərərək əməliyyatların davamlılığında mühüm rol oynayır.
Döyüş gəmilərinə hərəkət zamanı yanacaq doldura bilən bu gəmi uzunmüddətli tapşırıqlarda donanmanın əməliyyat qabiliyyətini dəstəkləyir.