ABŞ-nin Kolumbiya dairə məhkəməsinin hakimi Roys Lamberth "Voice of America" (Amerikanın Səsi) radiosunun fəaliyyətinin ixtisar edilməsi ilə bağlı qərarı qanunsuz elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təxminən bir ildir ödənişli məzuniyyətdə olan 1000-dən çox əməkdaş dərhal öz vəzifələrinə bərpa olunmalıdır.
Hakim Lamberth "Voice of America"nın ana qurumu olan "U.S. Agency for Global Media" (USAGM) rəhbərliyinə martın 23-dək tam fəaliyyətini bərpa etmək barədə göstəriş verib.
Qərarda qeyd olunur ki, "Radio Free Asia" kimi media qurumlarını da idarə edən agentliyin demək olar ki, tamamilə bağlanması federal inzibati qanunvericiliyin kobud şəkildə pozulmasıdır.
Xatırladaq ki, Donald Tramp administrasiyasının "DOGE" təşəbbüsü çərçivəsində 2025-ci ilin mart ayından etibarən agentlikdə kütləvi ixtisarlar həyata keçirilməyə başlanmışdı.
Bu proses nəticəsində heyətin təxminən 85%-i qeyri-müəyyən müddətə məzuniyyətə göndərilmişdi.
Bir çox xarici dildə yayımlar, o cümlədən fars dili xidməti dayandırılmışdı. Agentliyin ştat sayı cəmi 68 nəfərə qədər endirilmişdi.
Məhkəmə qərarında agentliyin fəaliyyətinin dayandırılmasına rəhbərlik edən Kari Leykin hərəkətləri kəskin tənqid olunub və onun "pis niyyətlə" hərəkət etdiyi vurğulanıb. İddiaçı tərəf olan jurnalistlər bu qərarı "tarixi qələbə" adlandıraraq, qurumun qlobal nüfuzunu və auditoriya etibarını yenidən bərpa etməyə hazır olduqlarını bildiriblər.
Hazırda nə "USAGM", nə də ABŞ Ədliyyə Nazirliyi məhkəmənin bu qərarı ilə bağlı rəsmi şərh verməyib.