ABŞ və Venesuela arasında imzalanan yeni neft sazişi qlobal enerji bazarında böyük rezonans doğurub. Donald Tramp administrasiyası dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik Venesuela ilə 100 illik əməkdaşlıq müqaviləsi bağlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, saziş çərçivəsində “North American Blue Energy Partners” şirkətinə 17 neft yatağında 100 illik istismar hüququ verilib.
Məlumata görə, ABŞ hökuməti şirkətin ana strukturunda 35 faizlik pay əldə edəcək. Vaşinqton həmçinin hasil olunan neftin 20 faizini maya dəyərinə almaq hüququna malik olacaq. ABŞ tərəfinə qalan neftin alınması üçün də üstünlük hüququ veriləcək.
Venesuela təxminən 303 milyard barellik sübut olunmuş neft ehtiyatı ilə dünyada ilk sıradadır. Lakin uzun illər davam edən iqtisadi böhran, sanksiyalar, investisiya çatışmazlığı və infrastruktur problemləri ölkənin hasilat potensialından tam istifadə etməsinə mane olub.
ABŞ üçün Venesuela nefti xüsusi əhəmiyyət daşıyır. Meksika körfəzindəki bir sıra neft emalı zavodları ağır neftin emalına uyğunlaşdırılıb. Yeni saziş çərçivəsində ABŞ tərəfinin təxminən 65 milyard barel ehtiyatı olan yataqlara çıxış əldə edəcəyi bildirilir.
Razılaşmanın geosiyasi əhəmiyyəti də diqqət çəkir. ABŞ-nin Venesuela neft sektorunda mövqeyini gücləndirməsi Çin və Rusiyanın bölgədəki təsirinə ciddi təsir göstərə bilər.