Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-nin quruma olan təxminən 4 milyard dollar borcunun nə vaxt ödəyəcəyini gözlədiklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
BMT Baş katibinin sözçüsü Stefan Düjarrik verdiyi açıqlamada bildirib ki, Baş katib Antonio Quterreş ilə ABŞ-nin BMT-dəki Daimi Nümayəndəsi Mayk Uolts arasında ABŞ-nin BMT-yə olan borclarının ödənilməsi ilə bağlı uzun müddətdir danışıqlar aparılır.
Düjarrik qeyd edib ki, BMT-nin maliyyə məsələlərinə cavabdeh bölməsi də ABŞ-li rəsmilərlə görüşlər keçirir və əlavə edib: “Ödənişlərin nə vaxt və hansı məbləğdə ediləcəyini gözləyirik”.
ABŞ-nin BMT-dəki Daimi Nümayəndəliyi isə Prezident Donald Tramp administrasiyasının yaxın həftələrdə borcların bir hissəsi üçün əvvəlcədən ödəniş etməyi planlaşdırdığını, lakin yekun məbləğin hələ dəqiqləşmədiyini bildirib.
BMT rəsmilərinin məlumatına görə, ABŞ-nin BMT-nin müntəzəm büdcəsinə təxminən 2,2 milyard dollar, sülhməramlı əməliyyatlar büdcəsinə isə təxminən 1,8 milyard dollar borcu var.
Quterreş ötən həftə üzv ölkələrə göndərdiyi məktubda kifayət qədər ödəniş edilmədiyi təqdirdə BMT-nin müntəzəm büdcəsindəki vəsaitin iyul ayına qədər tükənə biləcəyi barədə xəbərdarlıq etmişdi.