Böyük Britaniyada bir sıra dövlət qurumlarına qarşı kiberhücum həyata keçirilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, nəticədə 100 mindən çox polis əməkdaşının adı, əlaqə məlumatları və xidmət yeri "dark web" forumlarında yayılıb.
Britaniya mətbuatının məlumatına görə, kibercinayətkarlar Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) və Krallıq Prokurorluq Xidmətinə (CPS) aid məlumat bazalarına daxil olaraq polis əməkdaşlarına məxsus məlumatları ələ keçiriblər.
Hakerlərin həmçinin İngiltərə və Uels polisinin hüquqi dəstək məqsədilə istifadə etdiyi Milli Polis Hüquq Məlumat Bazasına (PNLD) sızaraq əməkdaşların xidmət yerləri ilə bağlı məlumatları "dark web" forumlarında paylaşdıqları bildirilir.
Britaniya rəsmiləri hücumun arxasında "ExfilSquad" adlı kibercinayətkar qrupun dayandığını ehtimal edirlər.
Xatırladaq ki, iyulun 29-da Böyük Britaniyanın Təhsil Nazirliyi də kiberhücuma məruz qalmışdı. Həmin hücum nəticəsində fiziki şəxslərə və müxtəlif qurumlara aid təxminən 607 min məlumatın, o cümlədən telefon nömrələri və elektron poçt ünvanlarının sızdırıldığı açıqlanmışdı.