12 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri İranı region ölkələrinə hücumları dayandırmağa çağıran birgə bəyanat yayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bəyanat Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçirilən nazirlər görüşünün ardınca yayılıb. Sənəddə İranın "yaşayış məntəqələrini və mülki infrastrukturu, o cümlədən neft obyektlərini, duzsuzlaşdırma zavodlarını, hava limanlarını, yaşayış binalarını və diplomatik nümayəndəlikləri hədəf alan ballistik raketlər və dronlardan istifadə etməklə qəsdən hücumları" pislənilib.
Bəyanatda vurğulanır: "İştirakçılar qeyd etdilər ki, bu hücumlar heç bir bəhanə ilə və ya heç bir şəkildə haqlı sayıla bilməz".
Nazirlər həmçinin İsrailin Livana hücumlarını da pisləyib və "Livanın təhlükəsizliyinə, sabitliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədiklərini" bildiriblər.
Bəyanat Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Küveyt, Livan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri adından yayımlanıb.