Türkiyənin beynəlxalq sulara açılan dəniz sahələri mühafizə altına alınacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Türkiyənin Qara dəniz, Aralıq dənizi və Egey dənizindəki haqq və mənafelərini qanuni təminat altına almaq məqsədilə "Mavi Vətən" doktrinası çərçivəsində müstəqil bir qanun layihəsi hazırlayır.
Tənzimləmə çərçivəsində Türkiyənin dənizlərdəki sərhədlərini müəyyən edən müstəsna iqtisadi zona və kontinental şelf sərhədləri əsas qanunla hüquqi norma halına gətiriləcək.
Bu sənədlə Türkiyənin öz səlahiyyət sahələrində tətbiq edəcəyi hüquqi standartlar dəqiqləşdiriləcək, həmçinin beynəlxalq sulara açılan dəniz əraziləri mühafizə altına alınacaq.
Layihənin Qurban Bayramından sonra Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilməsi gözlənilir.