Türkiyə süni intellekt dəstəkli robot texnologiya layihələri üçün Almaniya və Fransanın da daxil olduğu 10 Avropa ölkəsi və Yaponiya ilə əməkdaşlığa başlayacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sözügedən əməkdaşlıq “CONCERT Japan” platformasının elan etdiyi çağırış vasitəsilə həyata keçiriləcək.
Platforma Avropa ilə Yaponiya arasında elmi və texnoloji əməkdaşlığı inkişaf etdirmək məqsədilə müstəqil bir qurum kimi yaradılıb.
Bu çərçivədə Türkiyə ilə yanaşı Almaniya, Fransa, İtaliya, İspaniya, Yaponiya, Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Polşa və Slovakiyadan maliyyələşdirici qurumların iştirakı ilə “Real Dünya Tətbiqləri üçün Süni İntellekt Dəstəkli Robot Texnologiyaları” adlı ortaq əməkdaşlıq çağırışı elan olunub.
Çağırışın məqsədi xüsusilə Avropalı və yapon tədqiqatçılar arasında beynəlxalq mobilliyi təşviq etmək, davamlı və çoxtərəfli elmi əməkdaşlığı gücləndirməkdir.
Layihə müraciətlərinin beynəlxalq əməkdaşlıq xarakteri daşıması və multidissiplinar yanaşmalar çərçivəsində müəyyən edilmiş sahədə təqdim olunması vacib hesab olunur.
Layihələr üçün müraciətlər 22 iyul tarixinədək qəbul ediləcək.
Ali təhsil müəssisələri, təhsil və araşdırma xəstəxanaları, dövlət qurum və təşkilatları, həmçinin fəaliyyət sahəsindən və ölçüsündən asılı olmayaraq əlavə dəyər yaradan və ticarət qeydiyyat sənədi olan Türkiyədə yerləşən kapital şirkətləri tərəfindən təqdim ediləcək layihələr dəstəklənəcək.
Layihələrin müddəti maksimum 36 ay olacaq. Çağırışın Türkiyə üzrə koordinasiyasını TÜBİTAK həyata keçirəcək. TÜBİTAK-dan tələb olunan maliyyə dəstəyi, qurum payı və layihə təşviq mükafatı istisna olmaqla, hər layihə üçün 145 min avronu keçməyəcək.
İcraçı qurum başına ali təhsil müəssisələri, təhsil və araşdırma xəstəxanaları və dövlət qurumları üçün bu məbləğ 100 min avro, özəl qurumlar üçün isə 145 min avro olacaq.
Müraciət nəticələrinin dekabr ayında açıqlanması planlaşdırılır.