"F-16-larla bağlı ən mühüm problemlərimizdən biri ABŞ senatoru Bob Menendesin ölkəmizə qarşı fəaliyyəti idi".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə açıqlamasında deyib.
"Xarici işlər nazirimiz Hakan Fidan indi bu prosesi yaxından izləyəcək. Əslində, ABŞ dövlət katibi Antoni Blinkenlə bizim xarici işlər nazirimiz Hakan Fidan 3-4 gün əvvəl Amerikada görüşdülər, danışıqlar hələ də davam edir. Amma indi bu vəziyyəti fürsətə çevirib yenidən onunla görüşmək faydalı olardı. Belə olan halda F-16 ilə bağlı prosesi sürətləndirmək imkanımız ola bilər. Təkcə F-16-da deyil, bütün digər məsələlərdə Menendes və onun zehniyyətinə sahib olanlar bizə qarşı mane törədirlər", - Türkiyə Prezidenti əlavə edib.
R.T.Ərdoğan vurğulayıb ki, Menendesin çıxışı Türkiyəyə üstünlük verir, amma F-16 məsələsi təkcə Menendesdən asılı olan məsələ deyil: "Xarici işlər nazirimiz idarə olunması lazım olan sahələri idarə edəcək. İndi ABŞ-dən bu məsələ ilə bağlı aydın cavab gözləyirik. Ümid edirik ki, çox gecikmədən gözlədiyimiz müsbət nəticəni əldə edəcəyik. Hətta bu məsələ bizə müdafiə sənayesi baxımından özünü təmin edən ölkə olmağın nə qədər vacib olduğunu göstərir. PUA-larla bağlı əvvəllər də eyni vəziyyətdə idik. Bizə lazım olsa da, müttəfiqimizdən ala bilmədik. Ona görə öz PUA-larımızı istehsal etdik. İndi F-16-lara ehtiyacımız var, amma digər tərəfdən yeni nəsil qırıcımızı istehsal etməyə çalışırıq".