Türkiyəyə məxsus xam neft tankeri dünən gecə Hörmüz boğazını təhlükəsiz şəkildə keçərək İraqdan Malayziyaya doğru hərəkətini davam etdirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu rəsmi "X" hesabında məlumat yayıb. Nazir bildirib ki, bununla da müharibə başlayandan bəri körfəzdə gözləyən Türkiyəyə məxsus 3-cü tanker də Hörmüz boğazından problemsiz keçiş edib.
"Bu keçiddən sonra Hörmüz boğazı ətrafında olan Türkiyəyə məxsus tankerlərin sayı 12, bölgədən çıxış üçün müraciət edən gəmilərin sayı isə 8 olub", - deyə nazir qeyd edib.
A.Uraloğlu onu da əlavə edib ki, hazırda bölgədən ayrılmaq istəyən 8 gəmi və onlarda xidmət edən 156 heyət üzvünün təhlükəsiz hərəkəti üçün müvafiq işlər fasiləsiz olaraq davam etdirilir.