Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ və İran arasında gərginliklə bağlı açıqlama verərək tərəfləri mümkün qədər tez atəşkəsi təmin edib danışıqlar masasına qayıtmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Fidan bildirib ki, iki ölkə arasında aparılan müzakirələrdə razılaşmaya yaxın bir mətn üzərində iş gedir və tərəflər anlaşmaya yaxınlaşa bilərlər.
Nazir qeyd edib ki, Türkiyə prosesin bütün tərəfləri ilə davamlı təmasdadır, lakin son günlər başlayan qarşılıqlı hücumlar ciddi eskalasiya riski yaradır:
"Bu bizi həqiqətən narahat edir. Tərəflərə tövsiyəmiz odur ki, qarşılıqlı hücumları və atışmaları dayandırıb danışıqlar masasına qayıtsınlar və razılaşmaya yaxın olduqları mətni yekunlaşdırsınlar. Bizim səylərimiz də bu istiqamətdədir”.
Fidan müharibənin genişlənməsinin və gərginliyin artmasının heç bir tərəfə fayda verməyəcəyini vurğulayaraq diplomatik həllin vacibliyini qeyd edib:
“Çətin və yorucu olsa da, danışıqların yekun mərhələyə çatdırılması məqsəd olmalıdır. Tövsiyəmiz budur”.