Türkiyə Milli Müdafiə Nazirliyi, son günlər gündəmə gələn "ABŞ-ın İrana hücum edəcəyi təqdirdə türk ordusunun İran ərazisinə daxil olmağı planlaşdırdığı" barədə xəbərlərə rəsmi münasibət bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Nazirlik bu iddiaların qəti şəkildə əsassız olduğunu açıqlayıb.
Bəyanatda Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində diplomatik və hərbi səylərini davam etdirdiyi diqqətə çatdırılıb.
Nazirliyin açıqlamasında deyilir: “Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində fəaliyyətini sürdürür.”
“Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür.”
Açıqlamanın sonunda vurğulanıb: “Bəzi mətbuat orqanlarında və sosial media platformalarında yer alan ‘ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Türkiyənin də təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığı’ barədə iddialar həqiqəti əks etdirmir.”