ABŞ Hərbi Hava Qüvvələrinin blokadaya aldığı Hörmüz boğazından daha bir tanker müvəffəqiyyətlə keçib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al-Jazeera" telekanalı "MarineTraffic" və "Kpler" qlobal izləmə sistemlərinin məlumatlarına istinadən xəbər yayıb.
Bildirilib ki, Panama bayrağı altında üzən "Peace Gulf" tankeri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Həmriyyə limanına istiqamət alıb. Qeyd edək ki, bundan əvvəl də Hörmüz boğazından iki tanker keçmişdi. Boğazdan keçən ümumilikdə üç gəmi İran limanlarına yönəlmədiyi üçün ABŞ-nin tətbiq etdiyi blokada onlara şamil edilmir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə aparılan İran-ABŞ danışıqları isə razılaşma əldə edilmədən başa çatıb. Daha əvvəl ABŞ Prezidenti Donald Tramp aprelin 13-də Şərq vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə 18:00-da) Hörmüz boğazında İran limanlarının blokadaya alınmasına başlandığını açıqlamışdı.