ABŞ Prezidenti Donald Tramp Konqres qarşısında “Birliyin vəziyyəti haqqında” illik müraciəti zamanı Ukraynaya silah tədarükü məsələsinə toxunub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, dövlət başçısı bildirib ki, Şimali Atlantika Alyansına üzv olan ölkələr "Prioritized Ukraine Requirements List" (PURL) proqramı çərçivəsində Ukraynaya göndərilən silahları tam qiymətinə alırlar.
Tramp vurğulayıb ki, ABŞ-nin Ukraynaya göndərdiyi hər bir hərbi yardım paketi NATO vasitəsilə həyata keçirilir və müttəfiqlər bu vəsaitləri ABŞ-yə tam şəkildə ödəyirlər.
Prezident həmçinin xatırladıb ki, hərbi blokun üzvləri ÜDM-in 5 faizini NATO-nun ümumi büdcəsinə ayırmağa razılıq veriblər. Bu, alyans daxilində maliyyə yükünün daha ədalətli bölüşdürülməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.
Qeyd edək ki, fevralın 3-də NATO Baş katibi Mark Rütte məsələ ilə bağlı fərqli məqamlara diqqət çəkmişdi.
O bildirmişdi ki, alyansın heç də bütün üzvləri PURL təşəbbüsü çərçivəsində ABŞ-dan silah almağa meyilli deyil. Rüttenin sözlərinə görə, bəzi ölkələr prosesə böyük töhfə verdiyi halda, digərləri hələ də passivlik nümayiş etdirir.