Qəzza münaqişəsinin başlanmasından iki il sonra ABŞ prezidenti Donald Tramp bölgədə sülhə nail olmaq üçün danışıqların yekunlaşmağa yaxın olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, Oval kabinetdə jurnalistlərlə görüşdə Tramp vurğulayıb ki, ABŞ Qəzzanın təhlükəsizliyinə zəmanət verməyə və bölgədə sabitliyin təmin olunması üçün dəstək göstərməyə hazırdır:
“Biz mümkün olan hər şeyi edəcəyik – bizim çox gücümüz var – və hamının müqaviləyə əməl etməsinə əmin olacağıq”.
Prezident əlavə edib ki, Yaxın Şərqdə sülh yalnız Qəzzanın sərhədlərindən kənarda, daha geniş razılaşma çərçivəsində mümkün ola bilər.
Tramp səfərdə olan Kanadanın baş naziri Mark Karni ilə görüşündə də Qəzza məsələsini müzakirə edəcəyini deyib.
ABŞ rəsmilərinin məlumatına görə, xüsusi elçi Stiv Vitkoff və Trampın ilk prezidentlik dövründə Yaxın Şərq üzrə nümayəndəsi olmuş Cared Kuşner bu həftə Misirə gedərək vasitəçilik danışıqlarına qatılacaqlar.
Sözügedən danışıqlar 2023-cü il oktyabrın 7-də İsrailə qarşı hücumla başlayan, 1200 nəfərin ölümünə və 251 nəfərin girov götürülməsinə səbəb olan münaqişəyə son qoymaq üçün indiyədək ən real sülh cəhdi kimi qiymətləndirilir.
Tramp ümidvar olduğunu bildirib ki, “bütün bu illərdən sonra Yaxın Şərqə sülh gətirəcək tarixi razılaşma”ya nail olunacaq.