ABŞ Prezidenti Donald Tramp İranın hazırda “yaxşı vəziyyətdə olmadığını” və sonda təslim olacağını bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu açıqlamanı Ağ Evin bağında texnologiya və süni intellekt şirkətlərinin nümayəndələri ilə birlikdə jurnalistlərin suallarını cavablandırarkən verib.
İranın təslim olmaq və ya güzəştə getmək üzrə olub-olmadığı barədə suala ABŞ Prezidenti belə cavab verib: “Hələ təslim olub-olmayacaqlarını bilmirəm, amma sonda təslim olacaqlar. Lakin onların vəziyyəti çox pisdir”.
ABŞ-nin Şimali Koreyanın nüvə silahına malik olmasına niyə etiraz etmədiyi barədə suala cavab verən Tramp deyib ki, həmin vaxt ölkənin başqa prezident tərəfindən idarə olunduğunu və Şimali Koreyanı dayandırmağın mümkün olduğunu düşünür.
Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla “yaxşı dost” olduğunu bildirib. O, “Düşünürəm ki, onun sevdiyi yeganə şəxs mənəm və mən də onu sevirəm”, – deyə əlavə edib.
Tramp başqa bir sualı cavablandırarkən son günlər Hörmüz boğazından böyük həcmdə neft keçidini təmin etdiklərini deyib.
“Bilirsiniz, son bir neçə gün ərzində Hörmüz boğazından tarixin istənilən dövründə əldə olunandan daha çox neft çıxarmışıq”, – deyə ABŞ Prezidenti vurğulayıb.