İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp administrasiyası ilə tarixi fürsət əldə etdiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfərini xatırladıb və ABŞ-nin yeni administrasiyası ilə əlaqələrin köhnə administrasiyadan qat-qat yaxşı olduğunu bildirib.
Məhkumların azad edilməsi, HƏMAS-ın aradan qaldırılması və Qəzzanın yenidən İsrail üçün təhlükəyə çevrilməsinin qarşısını almaq üçün ABŞ ilə tam koordinasiyaya sahib olduqlarını qeyd edən Netanyahu, İsrail və xalqının gələcəyi ilə bağlı bütün böyük vədləri həyata keçirmək üçün ABŞ ilə əməkdaşlıq etdiklərini deyib.
Netanyahu ABŞ ilə ortaq strategiyaya sahib olduqlarını, ABŞ prezidenti Trampın Qəzza ilə bağlı fikirlərinin onun üçün sürpriz olmadığını, onunla əvvəllər də bunu müzakirə etdiklərini iddia edib. İsrailin baş naziri məsələ ilə bağlı bütün təfərrüatları izah edə bilməyəcəyini deyib.